Tehranda tarixi tədbir - Aşıq sənəti ilə bağlı kitabın təqdimatında nələr yaşandı?

Bu günlərdə İranın Tehran şəhərində  “Aşıq musiqisinin tarixi və ədəbiyyatı” adlı kitablarinin təqdimatı olub. Kitabın müəllifi, Şərqi Azərbaycan Aşıqlar Birliyinin sədri, doktor Məhəmməd İbadi bununla bağlı “Azərbaycan Post” qəzetinə danışaraq, ətraflı açıqlamalar verib, hazırda Azərbaycan aşıq sənətində yaşanan problemlərdən söz açıb, bu və digər məsələlərdən danışıb.

Tehranda tarixi tədbir -  Aşıq sənəti ilə bağlı kitabın təqdimatında nələr yaşandı?

Bu günlərdə İranın Tehran şəhərində  “Aşıq musiqisinin tarixi və ədəbiyyatı” adlı kitabın 1-ci və 2-ci cildlərinin təqdimatı olub. Kitabın müəllifi, Şərqi Azərbaycan Aşıqlar Birliyinin sədri, doktor
Məhəmməd İbadi bununla bağlı “Azərbaycan Post” qəzetinə danışaraq, ətraflı açıqlamalar verib, hazırda Azərbaycan aşıq sənətində yaşanan problemlərdən söz açıb, bu və digər məsələlərdən danışıb.
Müsahibəni təqdim edirik:

- Kitablarla bağlı daha ətraflı məlumat verməyinizi istərdik. Kitablarda nələr var? Onun hazırlanmasına nə qədər zaman sərf olunub?

- İlk öncə qeyd edim ki, bu günə qədər 70-dən artıq kitabım işıq üzü görüb ki, onların da əksəriyyəti tədqiqat, o cümlədən aşıq ədəbiyyatı, şifahi ədəbiyyatımız, folklor haqda olan kitablardır. Bu sahədə Azərbaycanda, Türkiyədə, İranda müxtəlif şəhərlərdə bir şair, tədqiqatçı kimi tanınmışam.

Kitablarla bağlı isə bildirim ki, bu ensiklopediya 6 cilddən ibarətdir. Onun 4
cildində yalnız aşıq havaları, daha dəqiq desək, 141 aşıq havasının notları dərc olunub. Təbii ki, bu notların davamı  olacaq.

Əsas 1-ci və 2-ci cildlərdir ki, onların da Tehranda təqdimatı keçirildi.
Birinci cilddə əsasən aşıq sənətinin tarix, ədəbiyyat və musiqisi haqda məlumatlar dərc olunub. Bu kitab 7 bölmdən və 500-ə yaxın səhifədən ibarətdir.

Kitabda yazarlarımızın, Azərbaycandan olan bir çox insanların əməyi, yazıları və fikirlərindən istifadə olunub. Kitabın elmi heyətinin rəhbəri mənəm. Yəni, bütün materiallar hamısı tamamilə mənim nəzarətim altında götür-qoy olunub. Beləliklə, kitabın birinci cildi bu cür ərsəyə gəlib.

İkinci cilddə isə aşıq sənətində fəaliyyət göstərən 285 aşıq və şairlərin bioqrafiyası dərc olunub. Bu aşıqlar əsasən Dədə Qorquddan başlayaraq, günümüzə qədər olan yaradıcı və məşhur aşıqlardır. Onların arasında Azərbaycan, Türkiyə, Gürcüstan, Dağıstan, İrandan olan aşıq və şairlər var.

Şair dedikdə aşıq, əlbəttə ki, el şairindən söhbət gedir. Qəzəl yazan və yaxud xalq şairlərindən söhbət getmir.
Qeyd edim ki, bütün bunların toplanması xeyli zəhmət bahasına olub. Amma kitabların dərc olunmasının təşəbbüskarı, onu maliyyələşdirən doktor Əli Poladdır.

Artıq 2 min saydan artıq kitab İranda paylanıb. Onlardan təkcə 1000-i aşıqlara verilib. Şəxsən özüm İranın 12 şəhərinə gedib, hər şəhərdə 30-40 aşığa bu kitabları hədiyyə etmişəm.
Kitabların neçə müddətə hazır olmasına gəldikdə, təxminən 4 il əvvəl məlumatların toplanmasına, yazılmasına start verildi, bu il isə təqdimatı keçirildi.


- Bu kitabların Azərbaycan aşıq sənətinə nə kimi töhfələri ola bilər?

- Bu kitabların Azərbaycan aşıq sənətinə çox dəyərli töhfələri olacaq. Birincisi odur ki, bəzən Azərbaycanda çıxan kitablardan görürük ki, orada yalnız Azərbaycan və ya Türkiyədən olan qaynaqlardan istifadə olunur. Və yaxud İranda çap olunan kitablarda Azərbaycan, Türkiyə

qaynaqlarından istifadə olunmayıb. Bu kitabda isə həm Azərbaycan, Türkiyə, həm də İran alimlərinin kitablarından, qələmlərindən istifadə olunub.

Həmçinin yığcam şəkildə də olsa aşıq sənətinə aid musiqi alətləri, teatr, kinoya bağlı olan məsələlər yalnız və yalnız bu kitabda öz əksini tapıb. İstənilən səviyyəyə, savada malik oxucu bu kitabdan yararlana biləcək, çünki çox  sadə dildə yazılıb. İstərdim ki, həftəlik yığıncaqlar keçirib, bu kitablarla gənc aşıqlara dərs keçim.

Kitabın ikinci cildində 285 aşıq və şairin adı var. Onların adları əlifba sırası ilə deyil, tarixlə, yəni doğum tarixi sırası ilə dərc olunub. Doğrudur, əlifba sırası ilə adların düzülməsi variantı da yaxşıdır, belə ki, rahat şəkildə adları tapmaq olur. Amma düşünürəm ki, tarixlə sıralanması daha yaxşı variantdır. Oxucular Dədə Qorquddan bu yana olan aşıqların hansı dövrdə yaşayıb, yaratdıqlarını daha dəqiq biləcəklər. 

Bu kitabın özəlliyi həm də ondan ibarətdir ki, burada İranın müxtəlif aşıq mühitlərindən olan ustad aşıqların da haqqında məlumat var. Halbuki müşahidə edirik ki, Azərbaycanda dərc olunan kitablarda İran aşıq mühitinə o qədər də yer ayrılmır. Ayrılsa da yalnız bir neçə aşıq, o cümlədən aşıq Qurbani, aşıq Abbas, Xəstə Qasımdan söz açılır. Bunun da səbəbi odur ki, Azərbaycanda bu sahədə fəaliyyət göstərən alimlərin İrandakı aşıq mühitlərində olan aşıqlarla sıx, yaxın əlaqələri olmayıb. Amma dərc etdiyimiz kitabda çalışmışıq ki, Azərbaycan, Gürcüstan, Türkiyə, Dağıstan, İranda olan bütün aşıq mühitlərindən bəhs olunsun.

Beləliklə, bu kitabın digər gözəlliklərindən biri də budur ki, özündən əvvəlki kitablarla müqayisədə daha çox deməyə sözü var.


- Aşıq sənəti ilə bağlı son vaxtlar xeyli sayda müzakirələr ortaya çıxıb.
Kitablarda bu müzakirələrə də yer
 ayrılıbmı?


- Aşıq sənəti ilə bağlı müzakirələr hər zaman olub. Bu, 7 minlik tarixə malik bir sənətdir. Təbii ki, 7 min il davam edən sənət müzakirəli ola bilir.

Təəssüflər olsun ki, son vaxtlar aşıq sənəti yalnız aşıq musiqisi kimi  çatdırılır. Lakin hesab edirəm ki, aşıq musiqisi, havaları, aşığın çalıb-oxuması aşıq sənətinin yalnız 30 faizini təşkil edir. Digər 70 faizi aşıq sənətinin başqa bölmlərinə aiddir. Yəni, bizim aşıq musiqisindən də böyük aşıq ədəbiyyatımız da vardır. Məsələn, aşıq dastanları, şeirləri bu qəbildəndir. 
Bəzən deyirlər ki, yeni yaranan musiqilərin fonunda indi aşıq sənəti o qədər də sevilmir. Amma hesab edirəm ki, aşıq ədəbiyyatından düzgün istifadə etməyi bacarsaydılar, bu sənəti xalqa 60-70 il bundan əvvəlki aşıqların çatdırdığı kimi çatdırsaydılar əlbəttə ki, indi də aşıq sənəti daha çox sevilərdi. Lakin bunu bacara bilməyiblər. Bu böyük bir qüsurdur.


- Kitabların təqdimat mərasimi necə keçirildi? Kimlər iştirak etdi? Maraq sizi qane etdimi?

-
Kitabın təqdimat mərasimi çox gözəl keçdi. Lakin bəzi çatışmazlıqlar da oldu. 
Belə ki, təqdimata rəsmi qonaqlar böyük əzəmət və təntənə ilə dəvət olunmuşdu. Lakin burada rəsmi şəxslərdən yalnız İran prezidentinin müşaviri iştirak etdi. Lazım idi ki, mədəni irs, turizm və əl sənəti naziri də iştirak etsin. Amma iştirak
 etmədilər.

Buna baxmayaraq, təqdimat gələn qonaqlar, o cümlədən sənət və ədəbiyyat insanları tərəfindən yaxşı qarşılandı. Səhnədə gözəl aşıq musiqiləri təqdim olunsa da, aşıq sənətinə tamamilə aid olmayan məsələn, başqa sazlar, səntur görünürdü. Düşünürəm ki, bu məsələdə bir qədər diqqətli olmaq lazım idi.


- Hazırda İranda Azərbaycan aşıq sənətinin vəziyyəti necədir?
Əvvəlki illərlə müqayisədə nə kimi fərqliliklər var?


- Hazırda İranda aşıq sənətinin vəziyyəti ilə bağlı deyə bilərəm ki, musiqi çox inkişaf edib, günü-gündən gənc saz solo ifaçıları ərsəyə gəlir, lakin mükəmməl aşıq ortaya çıxmır. Yaxşı aşıqlarımız var, amma onların sayı çox azdır.

Keçmişdə aşıq sənətinin özünə məxsus qayda-qanunu var idi. Kimsə aşıq olmaq istəyərdisə, mütləq onun gözəl səsi olmalı, sazda çalıb-oxumağı bacarmalı, dastanlar bilməli, hər tərəfli məlumatlı olmalı, 5-10 il ustad aşıq yanında şəyirdlik etməli və püxtələşəndən sonra topluma təqdim olunardı. İndi isə belə deyil. Kimsə saz alıb, 5-3 hava öyrənib, adını aşıq qoya bilir. Hansı ki, bir dastan belə bilmir, bu sənətdə danışıq qabiliyyəti yoxdur və sairə. Amma bəzən onların arasında çox az sayda da olsa gözəl qabiliyyətli gənclər ortaya çıxır. Onlar da çalışırlar ki, aşıq sənətini dərindən öyrənsinlər.

Çox arzulayıram ki, bu sənət universutetlərdə tədris olunsun, təhsil alınsın ki, bu sənətə gələn gənclər daha savadlı, bacarıqlı olsun.

Daha bir məsələ, aşıq sənəti məşiət
baxımından da problem yaşayır. Belə ki, son 10 ilə qədər aşıqlarımız toy, şadlıq
 mərasimlərində iştirak edir, “çörək pulu” qazana bilirdilər. Lakin indi nadir hallarda toylara aşıqlar dəvət olunur. İndi ortalıqda daha çox səviyyəsiz, aşıq sənətindən anlayışı olmayanlardır ki, bu da əsl aşıq sənəti ilə məşğul olanları maddiyyat baxımından çətinliyə salıb. Keyfiyyət enib, səviyyəsizlik isə artıb. Beləliklə, hazırda ustad aşıqlar maddi baxımından çətinlik yaşayır.


- Bu gün Azərbaycan aşıq sənətində nələr sizi qane etmir? Sizcə, hansı çatışmazlıqlar var?
- Bu gün aşıq sənətində məni bir çox məsələlər qane etmir. Məsələn, aydınlaşdırılmalıdır ki, bu xalqın xalq musiqisi hansıdır. Əlbəttə ki, Azərbaycan xalqının xalq musiqisi aşıq sənətidir. Bu sənətin 7 min illik tarixi var. Lakin çox təəssüflər olsun ki, indi xalq musiqisi kimi daha çox muğam vurğulanır.

Elə Azərbaycanda da biz bu yanaşmanı görürük. Məsələn, Bakıdakı Muğam Mərkəzində 2 ildən bir muğam müsabiqələri keçirilir, daha çox bu musiqi haqqında addımlar atılır. Halbuki muğamla nisbətdə on qat daha çox aşıq sənəti öyrənilməlidir. Çünki aşıq sənəti bizim tarixi kökümüzdür. Digər janrlar sonradan ərsəyə gəlib.

Beləliklə, arzulayıram ki,
konservatoriyalarda, incəsənət
 universitetlərində daha çox aşıq sənəti öyrənilsin, televiziya və radiolarda aşıq musiqisinə kifayət qədər yer ayrılsın, bu musiqi yenidən xalqa sevdirilsin”.

Xalidə Gəray
“Azərbaycan Post”

 

Tehranda tarixi tədbir - Aşıq sənəti ilə bağlı kitabın təqdimatında nələr yaşandı?


Leave a Comment